10.10.2017-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində "Narkomaniyaya yox deyək" devizi altında yeniyetmələr arasında kross turniri keçirilmişdir. Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə təşkil edilən kross turnirinə Goranboy rayonu ərazində məskunlaşan 50-yə yaxın xocalılı yeniyetmə cəlb olunmuşdur.
Turnirdən əvvəl və sonra Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi Elməddin Bağırov və idarənin baş məsləhətçisi Ramiz Alıyev iştirakçılara narkomaniyanın ağır bəlalarından söhbət açmış, maarifləndirici məlumatlar vermişlər. Yeniyetmələrə zərərli vərdişlərdən kənar olmaları tövsiyə edilmişdir.
Turnirdə I yeri Rəcəbov Rəcəb Məzahir oğlu, II yeri Mehdiyev Qismət Yaşar oğlu, III yeri isə Rəcəbli Rəşad Əli oğlu tutmuşdur. Turnirdə fərqlənən iştirakçılara Xocalı rayon Gənclər və İdman idarəsi tərəfindən Fəxri Fərman və hədiyyələr verilmişdir.
Xocalı rayon Gənclər və İdman idarəsi yeniyetmələrin turnirə cəlb olunmasında köməkliyinə görə rayonun təhsil şöbəsinin işçilərinə, yarış zamanı iştirakçıların sağlamlığının qorunmasına hazır olan Xocalı RMX-nin tibb işçilərinə, iştirakçıların təhlükəsizliyini təmin etdikləri üçün rayonun polis şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.